“Vokenin evi” adlanır və onun qapısı hamı üçün – gənclər və qocalar, qadınlar və kişilər üçün açıqdır; buna baxmayaraq, bu mötəbər pansiondakı adətlər heç bir dedi-qoduya səbəb olmurdu. Ancaq düzünü desək, son otuz ildə buraya bir nəfər belə gənc qadının ayağı dəyməmişdi. Ancaq ata-anasından çox az kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə, yəni bu faciə başlandığı zaman pansionda yoxsul gənc bir qız yerləşmişdi. Zəmanəmizin kədərli ədəbiyyatında bu “faciə” sözü yanlış, yersiz və həddən artıq işləndiyindən öz dəyərini itirsə də, burada bu söz, doğrudan da, münasibdir: bunun münasib olmasına səbəb hekayətimizin həqiqi mənada faciəli olması deyil, başqa bir şeydir: bəlkə də, oxucularımızdan biri mütaliəni qurtardıqdan sonra bu faciənin üzərinə intra və extra miros1 bir damcı göz yaşı tökdü. Bu faciəni Parisin xaricində də başa düşəcəklərmi? Bu, şübhəli məsələdir. Yerli müşahidələr və yerli boyalarla dolu olan bu faciənin təfsilatı ancaq Monmartr təpələri ilə Monruj* yüksəklikləri arasında yerləşmiş, malası tökülən, hər an uçmaq təhlükəsi altında olan evləri və palçıqdan qapqara qaralmış su arxları ilə məşhur olan vadidə özünə layiq qiymətini tapa bilər. Bu vadidə ancaq iztirablar həqiqidir, sevinclər isə çox zaman yalana bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki, yalnız xariqüladə bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər. Bununla belə, bəzən bu vadidə qəbahət və fəzilətlərin bir-birinə qarışıb təntənəli və əzəmətli görünən fəlakətlər yaratdığını da görmək olur: bu fəlakət qarşısında tamah və xudpəsəndlik geri çəkilərək, mərhəmət qalib gəlir, lakin bu hiss tələsik udulan gözəl bir meyvənin təsiri kimi, çox tez ötüb-keçir. Mədəniyyət çarxı da hərəkəti etibarilə, Cagernaut bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən, toxunar-toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər. Siz də belə hərəkət edəcəksiniz: siz də zərif əlinizlə bu kitabı götürüb yumşaq bir kresloya rahatca əyləşərək deyəcəksiniz: “Bəlkə, bu kitab kefimi açdı?” Qorionun gizli atalıq müsibətləri lə tanış olduqdan sonra xörəyinizi iştah yeyəcəksiniz və bu müsibətlərə laqeyd qalmağınıza səbəb müəllif olduğunu zənn edərək, onu mübaliğəsinə, şairanə uydurmalara yol verdiyinə görə məzəmmət edəcəksiniz. Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. All is true1 – bu, o qədər həqiqi bir hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır.
http://www.boxca.com/eukix69mdehu/Onore_De_Balzak_Qorio_ata_aze.pdf.html

Hiç yorum yok:
Yorum Gönder